Kirayə mənzillər mexanizmi üzrə saytda yaranmış problemin səbəbi açıqlanıb

22.01.2020 12:41

İpoteka və Kredit Zəmanət Fondu aidiyyətı təşkilatlarla birlikdə "Elektron ipoteka və kredit zəmanət sistemi”nin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası üçün zəruri tədbirlər həyata keçirir.

İpoteka və Kredit Zəmanət Fondundan xezerxeber.az-a bildirilib ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində "Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Nəticədə "Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, kirayə mənzil mexanizminə müraciətlərin qəbulu texniki təkmilləşdirmələrlə bağlı müvəqqəti təxirə salınıb.


© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR