İtaliya avroya “çao” deməyə hazırlaşır

25.06.2019 13:17

"Əgər İtaliya nə vaxtsa avrodan imtina etmək qərarına gəlsə yeni banknotların çap olunmasını gözləmək lazım olmayacaq”.

İtaliya parlamentinin büdcə komitəsinin sədri Klaudio Borgi (Claudio Borghi) bu yaxınlarda özünün "Twitter” səhifəsində avroya paralel olacaq "mini-BOT” adlı yeni milli valyutanın şəkillərini paylaşıb. Bəs Roma bu yeni valyuta ilə nəyə nail olmaq istəyir? Sputnik Azərbaycan xəbər verir ki, bu suala RİA Novosti-nin müəllifləri cavab verməyə çalışıb.

Açması nədir?

BOT italyancadan "sadə xəzinə istiqrazları” kimi tərcümə olunan "Buoni Ordinari del Tesoro” birləşməsindən yaradılmış abreviaturadır. Onun əvvəlinə əlavə olunmuş "mini” sözü isə bu valyutanın nominalının adi istiqrazların dəyərindən aşağı, yəni cəmi yüz avro olacağını göstərir.

İtaliya hökuməti "mini-BOT”u dövriyyəyə buraxmaqla milli şirkətlərə və ev təsərrüfatlarına 52 milyard avro dəyərində olan borclarını ödəmək niyyətindədir. Sonra isə "mini-BOT” sahibləri onlardan istifadə edərək vergiləri ödəyə və hətta, satıcılar qəbul etsə, mal və xidmətlərə görə ödənişlər də edə biləcəklər.

Müəlliflər hesab edir ki, bu qiymətli kağızların buraxılışı təsir baxımından iqtisadiyyata nəğd pul yatırımına bərabər olacaq, çünki şirkətlər bu qiymətli kağızlarla vergi ödəmək imkanını əldə edəndən sonra öz inkişaflarına daha da çox pul (avro) yönəldə biləcəklər.

Bundan başqa hökumət "mini-BOT” üzrə faiz dərəcəsini özü istədiyi kimi təyin edə və bununla da onun məzənnəsini tənzimləyə biləcək.

Bütün bu üstünlükləri nəzərə alsaq, "mini-BOT”un bir neçə ildən sonra İtaliyada əsas ödəniş vasitəsinə çevriləcəyi, defisitdə olan avronun isə əsas olaraq xarici ödənişlər üçün istifadə olunacağı istisna olunmur.

Çao, avro?

Lakin ekspertlər əmindirlər ki, Romanın planları daha geniş miqyaslıdır. Pavia Universitetinin dosenti Rikkardo Puqlisi "The New York Times” qəzetinə verdiyi şərhində bildirib ki, "Bu İtaliyanın avro zonadan çıxmasına hazırlıq çərçivəsində ilk addımıdır”.

O deyib ki, "mini-BOT” dövriyyəyə daxil olanda hökumətə kifayət edəcək ki, onların ödəniş vasitəsi kimi məcbur istifadəsi haqqında əmr versin və bununla da italyan valyutası reallığa çevriləcək.

Əslində hadisələrin bu cür inkişafını gözləmək olar, çünki İtaliyada hakim koalisiyanın liderləri Matteo Salvini (Şimal Liqası) və Luici Di Mayo (Beş Ulduz Hərəkatı) qatı avroskeptik kimi tanınırlar.

Salvini hətta seçkiqabağı kampaniya zamanı deyib ki, "onun partiyasına verilmiş səs, avrodan imtina və milli valyutaya qayıdış üçün verilmiş səsdir”.

Təəccüblü deyil ki, bu təşəbbüsün müəllifi Şimal Liqasının deputatı Klaudio Borgi həm də parlamentin büdcə komitəsinin sədridir.

"Əgər İtaliya nə vaxtsa avrodan imtina etmək qərarına gəlsə yeni banknotların çap olunmasını gözləmək lazım olmayacaq, - deyə Borgi bildirib. – Çünki hər şey artıq edilib: sadəcə "mini-BOT”u yeni valyuta elan etmək lazım olacaq”.

Bu istiqrazların nə vaxt buraxılacağı hələ də bilinməsə də, ekspertlər büdcə məsələsinə görə Roma və Brüssel arasında yaranmış münaqişə səbəbindən "mini-BOT”un yaxın aylarda işıq üzü görəcəyinə inanırlar.

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 10:54

Bakıda vaqon yanıb

ÇOX OXUNANLAR