Azərbaycan bu məhsulların ixracından 530 mln. dollar gəlir götürüb

01.05.2019 09:44

2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, nazirliyin nəzdində fəaliyyət göstərən 4 qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb:

"Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni təmin edəcək.

Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunub və "Aqrolizinq” ASC artıq bu bazarın iştirakçısı deyil. Bu isə həm texnikanın, həm də damazlıq heyvanların satış qiymətinin əsaslı ucuzlaşmasına səbəb olub.

Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar İnkişaf və Kredit Agentliyi yaradılıb.

Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Nazirliyin dəstəyi ilə son 6 ay ərzində 11 fermer assosiasiyası yaradılıb".

Nazirin sözlərinə görə, aqrar sahədə müsbət inkişaf dinamikası cari ildə də davam edir:

"Birinci rübdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.

Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün, müəyyən etdiyiniz strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurmuşdur. Fermerlərə xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə nazirliyin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Bununla da keçmiş kənd təsərrüfatı idarələri inzibati strukturdan xidmət qurumlarına çevriliblər. Mərkəzlərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir".

© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR