Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonuna qədər yekunlaşacaq

30.04.2019 18:21

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonuna qədər yekunlaşacaq. Yeni dəmir yolu xətti Ləki stansiyasından Qəbələnin hava limanına qədər olacaq.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, 43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək:

"Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 4 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 2 ədəd yeraltı keçidin tikintisi tamamlanıb. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb”.

S.Qədirova bildirib ki, bu günə kimi 71 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir:

"Hazırda torpaq yatağının işlənməsi prosesi davam etdirilir. Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür”.

Xatırladaq ki, ötən ilin 11 dekabrında Prezident İlham Əliyev "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək.

© xezerxeber.az


381 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR