Nikola Yurçeviç: Futbolçuların əziyyəti yerə vuruldu

14.10.2019 09:12

Burada danışmaq asan deyil. Bunun bir çox səbəbləri var. İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstana 0:1 hesabı ilə uduzduqları "Avro-2020” seçmə qrup matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis uzatma dəqiqələrində sayılmayan qola görə etirazını və yerli jurnalistlərə səmimiyyətləri qarşılığında təşəkkürünü bildirib: "Oyunun gedişi barədə deyiləsi bir şey yoxdur. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu”.

Yurçeviç qoldan sonra yan xətt hakiminə yaxınlaşaraq, qolu saymama səbəbini soruşduğunu əlavə edib. Amma yan xətt hakimi heç bir cavab verməyib: "Referi isə qərarında haqlı olduğunu və bunu görüşün ardında epizoda baxdıqda sübut olunacağını iddia edib”.

53 yaşlı baş məşqçi iki fərqli hissə oynamaları fikri ilə razılaşdığını söyləyib: "Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu”.

Yurçeviç Bəhlul Mustafazadənin oyununu xüsusi qeyd edib: "O, cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq”.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR