Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatının finalına yüksəlib

21.09.2019 15:58

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Xezerxeber.az xəbər verir ki, sərbəst güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ukraynalı Dmitri Tkaçenko və Qazaxıstan idmançısı Qalinjan Usserbaevi məğlub edərək yarımfinala yüksəlib. Slovakiyalı Taymuraz Salkazanova qalib gələn C.Həsənov dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə təmsilçimizin rəqibi ABŞ idmançısı Kayl Deyk olacaq.

Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) da çempionata qələbə ilə başlayıb. Minvon Seoya (Koreya Respublikası) qalib gələn güləşçimiz Ukrayna təmsilçisi Valeri Andreytsevi məğlub edərək dörddəbir finala yüksəlib. Gürcüstan idmançısı Elizbar Odikadzeni üstələyən Ş.Şərifov yarımfinala adlamaqla "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Güləşçimiz yarımfinalda ABŞ təmsilçisi Karl Sneyderi məğlub edərək həlledici görüşə yüksəlib. Dünya çempionluğu uğrunda görüşdə Ş.Şərifov rusiyalı Abdulraşid Sadulaev ilə üz-üzə gələcək.

Final görüşləri sentyabrın 22-də keçiriləcək.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

© xezerxeber.az


465 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR