XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 5 güləşçimiz finalda mübarizə aparacaq

22.07.2019 15:39

İyulun 22-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) güləş yarışlarının ikinci günündə idmançılar 7 çəki dərəcəsində (4 oğlan, 3 qız) mübarizə aparırlar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın 5 pəhləvanı uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıb.

Festivalda 48 kiloqram çəki dərəcəsində sərbəst güləşçilərin mübarizəsində finalda rusiyalı Maqomedamin Bekbulatov və Gürcüstan təmsilçisi Luka Gugeşaşvili üz-üzə gələcəklər. Üçüncü yer uğrunda görüşdə isə güləşçimiz Alim Nəbiyev Tomas Fişer (İsveçrə), Polşa idmançısı Sebastian İndicki isə belaruslu Yahor Rudauski ilə qarşılaşacaqlar.

Sərbəst güləş yarışlarında millimizin üzvü Sabir Cəfərov (60 kq) ilk mərhələdə macar rəqibi Marsel Deliyə 10:0, daha sonra belaruslu Hramyka Anatoliyə 12:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İvan Nikolaev Stoyanova 5:1 hesabı ilə qalib gələn idmançımız finala vəsiqəni təmin edib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Rusiya təmsilçisi Fyodor Baltuev olacaq.

Yunan-Roma güləşi üzrə yarışlarda 48 kiloqram çəki dərəcəsində çıxış edən Qurban Qurbanov ilk qarşılaşmada Polşadan olan həmkarı Kaçper Karaskieviçə tam üstünlüklə qalib gəlib – 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə güləşçimiz gürcüstanlı Xviça Abduladze ilə qarşılaşacaq.

Digər güləşçimiz Həsrət Cəfərov (60 kq) litvalı güləşçi Donatas Rindeikisi çətinlik çəkmədən məğlub edib- 12:0. Güləşçimiz daha sonra Belarus təmsilçisi Nikita Muraşkanı məğlub edərək yarımfinala vəsiqə qazanıb – 13:5. Yarımfinalda idmançımızın rəqibi Andrea Setti (İtaliya) olub. Rəqibini 6:0 hesabı ilə məğlub edən güləşçimiz finalda iştirak hüququ qazanıb. Onun rəqibi rusiyalı Maqomed Qiqiyev olacaq.

Qadın güləşçimiz Gültəkin Şirinova (46 kq) da inamla finala qədər irəliləyib. O, finlandiyalı rəqibi Jutta Ala-Rantanı 7:4, Belarus idmançısı Pertsava Tatisiananı 6:1, yarımfinalda fransalı Jastin Fanni Viquruksu 10:3 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə əldə edib. Qızıl medal uğrunda görüşdə idmançımız rumıniyalı Georgiana-Lavinia Antuca ilə üz-üzə gələcək.

Turnirdə qadın güləşçilərin 49 kiloqram çəki dərəcəsində mübarizəsində finalda Türkiyə idmançısı Emine Çakmak və rumıniyalı Ana-Maria Pirvu çempionluq uğrunda görüşəcəklər.

Digər qadın güləşçimiz Mərziyə Sadıqova (61 kq) finala gedən yolda ilk görüşdə Ukrayna idmançısı Manola Skobelskadan üstün olub – 6:3. Sonra rusiyalı Alina Kasabievanı (*1:1) məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda mübarizədə rəqibi türkiyəli Elmas Çeliki 1:0 hesabı ilə məğlub edən güləşçimiz həlledici qarşılaşmada İtaliya idmançısı Aurora Russo ilə mübarizə aparacaq.

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR