Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Nikola Yurçeviç üzr istədi: "Böyük şok keçirdim"

12.06.2019 09:27

AÇ-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:4 hesabı ilə məğlub olan Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

XəzərXəbər xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

- Bu nəticədən sonra danışmaq çətindir. Oyunu təhlil edəcəyik. Rəqibi təbrik edirəm. Oyuna yaxşı başladıq, kombinasiyalar təşkil etdik. Ancaq rəqib ilk hücuma qol vurdu. Hər qol barədə danışmaq istəmirəm. Əlimizdən gələni etmək istəyirdik. Şeydayevin qolundan sonra geri dönməyə çalışdıq. Ancaq hesab 1:4 olduqdan sonra oyun bitmişdi. Slovakiyada usta futbolçular var. Rəqibin heyətində Stanislav Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim futbolçuların hamısını yığsaq, o dəyərdə deyil.
- Əvəzetmələri gec etmədinizmi?
- 1:5-dən sonra bu məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişikliklər etməyi düşünürdüm.
- Bu gün düşünmürsünüz ki, meydanda yalnız Ramil Şeydayev can qoyurdu?
- Bununla razılaşmıram. Şanslarımız oldu. 60-cı dəqiqədən sonra psixoloji cəhətdən oynamaq çətin oldu. Bu sualları normal qəbul edirəm.
- Beşinci qoldan sonra hansı hissləri keçirdiniz? Azarkeşlərdən üzr istəməlisinizmi?
- Beşinci qol mənə və komandaya şok oldu. Bu böyük yenilgiyə görə azarkeşlərdən üzr istəyirik.
- Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu bildirdiniz. Ancaq Türkiyə dünya çempionu Fransanı məğlub edib. Meydanda avrolar, dollarlar, yox futbolçular oynayır. Bu gün yığma futbol adına nəsə göstərmədi. Bunu necə şərh edəcəksiniz?
- Bunu fakt kimi demək istədim. Slovakiyalı futbolçular güclü klublarda çıxış edir. Millətlər Liqasında Azərbaycan yığmasının ən böyük baş məşqçisi Qurban QurbanovKosovo, Farer adaları və Maltaya qarşı çətinlik çəkmişdi. Rəqiblər güclüdür, əlimizdən gələni edirik, amma bu, bəzən kifayət etmir.
- Sonuncu dəfə Azərbaycan millisi 12 il öncə Serbiyaya 1:6 hesabı ilə uduzub. İndi yenə də darmadağın olduq. Buna görə xəcalət çəkirsiniz?
- Əlbəttə ki, utandırıcı yenilgidir.
- Səfər oyunlarında bizi daha ağır məğlubiyyətlər gözləyir?
- Böyük şok keçirdim. Belə oyundan sonra ancaq pis hisslər keçirə bilər. Hamınızı başa düşürəm. Belə rəqiblərlə oyunda xüsusi gücün olmalıdır. Futbol ani qərarların oyunudur. Hesab 2:3 olsaydı, belə məğlubiyyət olmayacaqdı
- 1:2, 1:3 və 1:5 hesabları ilə uduzmuşuq. Gələn oyun 1:6 hesabı ilə uduzacağımızı düşünə bilərik?
- İnanıram ki, növbəti oyunlarda böyük hesablı məğlubiyyət olmayacaq.
- Üç oyuna 10 qol buraxan komandanın düzəlməsi üçün nə qədər vaxta ehtiyacı var?
- Bu məğlubiyyətdən sonra suala cavab vermək çətindir. Bu oyun vacib idi, amma uduzduq. İnanıram ki, komanda yaxşı çıxış edə bilrə və buna inanıram.

© xezerxeber.az


64 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR