Çempionlar Liqasının finalı - “Liverpul”, yoxsa “Tottenhem”?

01.06.2019 11:46

Bu gün UEFA Çempionlar Liqasında 2018/19 mövsümünə yekun vurulacaq.

XəzərXəbər xəbər verir ki, Madridin "Vanda Metropolitano” stadionunda iki İngiltərə klubu qarşılaşacaq.

Finalda "Liverpul” və "Tottenhem” komandaları üz-üzə gələcək. Bu, cari mövsüm titul qazana bilməyən hər iki komanda üçün çox yaxşı şansdır.

İngiltərə çempionluğunu bir xal fərqlə əldən verən "Liverpul” bu matçda favoritdir. Lakin unutmamalıyıq ki, cari mövsüm Çempionlar Liqası sürprizlərlə dolu olub. Elə "Liverpul”un cavab qarşılaşmasında "Barselona”nı 4:0 darmadağın edərək mərhələ keçməsi, "Tottenhem”in "Ayaks”la oyunda möhtəşəm geridönüşü buna sübutdur.

Həm də nəzərə alaq ki, final bir oyundan ibarətdir. Bu matçda statistiklər favoriti göstərsə də, hər iki komanda qalib gəlmək üçün əlindən gələni edir.

"Liverpul” doqquzuncu dəfə bu turnirdə final oynayır ki, indiyədək heç bir ingilis klubu bu göstərici ilə yadda qalmayıb. Komanda qələbə qazansa, altıncı dəfə bu turnirin qalibi olacaq. "Liverpul” "Mançester Yunayted”dən sonra ardıcıl ikinci dəfə final oynayan komandadır.

"Tottenhem” isə ilk dəfə bu turnirdə final oynayacaq. Lakin acı statistika göstərir ki, ilk dəfə final oynayan son beş komanda uduzub.

"Liverpul”da qvineyalı dayaq yarımmüdafiəçisi Nabi Keytanın zədə üzündən oynamayacağı dəqiqdir. London klubunda isə kolumbiyalı mərkəz müdafiəçisi Davinson Sançesin oynaması sual altındadır.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü sloveniyalı Damir Skomina idarə edəcək.

© xezerxeber.az


302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR