Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatına yekun vurulub

19.05.2019 18:34

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatına yekun vurulub. Böyük gimnastlar arasında fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar maraqlı anlarla yadda qalıb.

Sonuncu iki alət – gürzlər və lentlə final yarışları da Rusiya gimnastlarının üstünlüyü ilə keçib.

Gürzlərlə yarışlarda Dina və Arina Averina bacıları Avropa çempionatında ilk iki pillədə qərarlaşıblar. Ukraynalı Vlada Nikolçenko bürünc medala sahib olub. Azərbaycan gimnastı Zöhrə Ağamirova isə səkkizinci yeri tutub.

Lentlə yarışlarda da Rusiya komandasının üzvləri Dina Averina və Aleksandra Soldatova fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Bolqarıstanlı Boryana Kalein isə Avropa çempionatını üçüncü pillədə başa vurub.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Qala-konsertdən sonra bağlanış mərasimi keçirilib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Avropa Gimnastika İttifaqının bayrağını qurumun prezidenti Fərid Qayıbova təqdim edib. F.Qayıbov isə bayrağı növbəti qitə birinciliyinə ev sahibliyi edəcək Ukrayna nümayəndəsinə verib.

Dörd gün davam edən çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış ediblər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib. (AZƏRTAC)

© xezerxeber.az


280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR