“Qəbələ” və “Sumqayıt” komandalarının start heyətləri açıqlanıb

19.05.2019 16:42

Futbol üzrə Azərbaycan kubokunun final görüşü çərçivəsində mayın saat 16:30-da başlayacaq "Qəbələ”–"Sumqayıt” görüşü üçün komandaların start heyətləri açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, "Qəbələ”in start heyətində Dmitri Bezotosnı, Voislav Stankoviç, Elvin Camalov, Asif Məmmədov, Ceyms Adeniyi, İlqar Qurbanov, Lalavele Atakora, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Urfan Abbasov (kapitan) və Sabien Lilay yer alıblar.

"Sumqayıt” klubunun ilk onbirliyində isə meydana Mehdi Cənnətov, Rail Məlikov, Vurğun Hüseynov (kapitan), Cavid Tağıyev, Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Süleyman Əhmədov, Əfran İsmayılov, Ülvi İsgəndərov, Yusif Nəbiyev və Əli Babayev çıxacaqlar.

Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçı İnqilab Məmmədov idarə edəcək.

Xatırladaq ki, nominal meydan sahibi sayılan "qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013-2014 mövsümündə "Neftçi”yə (1:1, penal 2:3), son iki ildə isə "Qarabağ” (0:2) və "Keşlə”yə (0:1) məğlub olub.

"Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Naxçıvanda zəfər çalarsa, avrokubokda ilk dəfə çıxış etmək şansı qazanacaq. Bu komandaların Topaz Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.

"Qəbələ” və "Sumqayıt” kubokda ilk dəfə qarşılaşacaqlar. Topaz Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də "gənclik şəhəri” təmsilçisi qalib gəlib. On yeddi görüşdə "Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. "Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.

"Sumqayıt” finala qədər "Neftçi” (2:0, 0:1) və "Zirə”ni (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. "Qəbələ” isə "Sabah”la (1:0, 1:0) "Qarabağ”dan (1:0, 1:2) güclü olub.

Qeyd edək ki, 2018-2019 mövsümündə Topaz Premyer Liqanın qalibi "Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni UEFA Çempionlar Liqasında, gümüş mükafatçı "Neftçi” ilə bürünc mükafatçı "Səbail” isə Avropa Liqasında təmsil edəcək. Azərbaycan kubokunun qalibi də UEFA Avropa Liqasında oynamaq şansı qazanacaq.

© xezerxeber.az

FOTOQALERIYA






299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR