Xəzər Xəbər

Sumqayıtda 1 ilin gəlininin ata və anası ilə birlikdə yaşadığı dəhşət Kürəkəndən şok əməl

Hadisə | 17:31 • 25 Aprel 2018
Sumqayıtda 1 ilin gəlininin ata və anası ilə birlikdə yaşadığı dəhşət

Sumqayıt şəhərində qayınatasına qarşı cinayət törətməkdə ittiham olunan Saatlı rayon sakini, 1994-cü il təvəllüdlü Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər Publika.az-a istinadən xəbər verir ki, Anar Məmmədovla arvadı İlahə Ağayeva arasında ailə məişət zəminində mübahisə baş verib. Bu mübahisədən sonra İlahə atası Rəhimağa Ağayevin evinə gedib.

Anar Məmmədov qayınatası Rəhimağa Ağayevin evinə gəlib, İlahə Ağayeva ilə barışıb onu geri qaytarmaq istəyib.

"İlahəni anası evlərinə apardı"

Bu məqsədilə Anar Məmmədov 28 aprel 2017-ci il tarixdə, saat 21.30-da Sumqayıt şəhəri 20-ci mikrorayon, ev 226 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə gəlib. O, qayınatasının arvadını özü ilə aparmasına icazə verməməsini bəhanə edib, özündə olan bıçaqla qayınatasının sol göz və burun nahiyəsinə bir dəfə vurub.

İstintaq orqanı tərəfindən Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Anar Məmmədov bildirib ki, Rəhimağa Ağayev qayınatası, Xatirə Ağayeva isə qaynanasıdır: "Onların qızı İlahə ilə hadisədən bir il əvvəl ailə qurmuşam. 2017-ci ilin əvvəlində İlahə ilə aramızda narazılıq yaranıb. Həmin gün İlahəni anası Xatirə öz evlərinə aparıb. Bundan sonra İlahə ilə ayrı yaşamışıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 26-da İlahə ilə görüşüblər: "Biz həmin zaman barışmağı qərarlaşdırdıq. Həmçinin aprelin 29-da İlahənin valideyinləri ilə yaşadığı evə gedib, onun valideyinlərinin razılığını aldıqdan sonra İlahə ilə barışaraq, birlikdə yaşayacağımıza razılaşdıq".

"Evin qapısını bağlamağa cəhd göstərdi"

Anar Məmmədov deyib ki, İlahənin anası və atasının onların barışmalarına razı olmadıqları ona məlum olub: "Bu səbəbdən də aprelin 28-də İlahənin valideynləri ilə yaşadığı Sumqayıt şəhəri 20 mikrorayon ərazisində yerləşən evə getdim. Qapını döyəndə qapını Rəhimağa açdı, ona heç nə demədən evin həyətinə keçdim. Rəhimağa isə məni evə girməyi dəvət etdi. Ancaq Rəhimağaya heç kimlə danışmaq istəmədiyimi, İlahəni özümlə aparmağa gəldiyimi bildirdim. Bundan sonra İlahənin mənimlə getməsi üçün evə girmək istədim. Evin giriş qapısında İlahə ilə qarşılaşdım. Ondan birlikdə getmək istəyib-istəmədiyini soruşdum. İlahə isə mənimlə getmək istədiyini bildirdi. İlahənin anası Xatirə onun qolundan tutaraq dartıb içəri saldı və evin giriş qapısını bağlamağa cəhd göstərdi".

"Qayınanam üstümə hücum etdi"

Anar Məmmədov qeyd edib ki, həmin vaxt Xatirənin evin qapısını bağlamasına imkan verməyib və İlahənin qolundan tutaraq birlikdə getmələrini təklif edib: "Bu vaxt İlahənin atası Rəhimağa məni itələyə-itələyə həyətdən çıxartmağa başladı. Ancaq həyətdən çıxmaq istəmədiyimdən, aramızda mübahisə yarandı və biz əlbəyaxa olduq. Və mən Rəhimağanı itələdim, o, yerə yıxıldı. Bundan sonra Xatirə üstümə hücum etdi, mənim getməyimi tələb etdi. Mən isə ancaq İlahəni apardıqdan sonra gedəcəyimi bildirdim".

"Əməlimdən peşmanam"

Anar Məmmədov bildirib ki, yaranmış səs-küyə oraya ilk öncə Rəhimağanın qonşuluğunda yaşayan Rüfət, sonra isə oraya getdiyi taksi avtomobilinin sürücüsü Camal gəlib: "Rüfət Xatirəni sakitləşdirməyə çalışdı. Rəhimağa ayağa qalxanda sifətinin üz nahiyəsinin qanadığını gördüm. Sonra oraya polis əməkdaşları gəldi. İzahatımın alınması üçün polis bölməsinə dəvət olundum. Hadisə Rəhimağa Ağayevin yaşadığı evin həyətində baş verib. Bu zaman Rəhimağanı küt əşya ilə, Xatirə Ağayevanı isə əlim və ayağım ilə vurmamışam. Onlara hər hansı xəsarət yetirməmişəm. Hadisə vaxtı Rəhimağa məni itələyərək həyətdən çıxartmağa cəhd edərkən, aramızda yaranmış mübahisə zamanı ancaq Rəhimağanı itələmişəm. O isə yerə yıxılıb. Onun evinə gedərkən məndə bıçaq olmayıb. Bıçaqla Rəhimağa Ağayevə hər hansı xəsarət yetirməmişəm. Baş verənlərə görə əməlimdən peşmanam".

"Qızım Anardan polisə şikayət edib"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəhimağa Ağayev bildirib ki, Anar Məmmədov qızı İlahə ilə 14 sentyabr 2016-cı il tarixdə ailə qurub: "Anar Məmmədov qızımla ailə qurduqdan sonra Anar İlahəni tez-tez döyüb, incidib. Bu səbəbdən İlahə Anardan ayrılaraq yaşadığımız evə qayıdıb. Sonradan isə Anar bir daha İlahəni incitməyəcəyinə söz verdiyindən, İlahə Anarla barışıb, onunla yaşamağa başlayıb. Bu, bir neçə dəfə təkrar olunub. Hətta İlahə Anar tərəfindən döyülməsi barədə Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Ancaq sonradan Anar yenidən İlahədən üzrxahlıq edərək, onunla barışdığından İlahə şikayətinin olmaması barədə ərizə yazıb. Bundan sonra isə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib".

"Birdəfəlik ayrılmasını istəmişəm"

Rəhimağa Ağayev qeyd edib ki, sonuncu dəfə İlahə 27 yanvar 2017-ci il tarixdə Anar tərəfindən növbəti dəfə incidildiyindən evlərinə qayıdıb: "Bundan sonra İlahə ilk öncə uşaqları olmadığından Anardan boşanmaq üçün qeydiyyat şöbəsinə müraciət etdi. Ancaq Anar qeydiyyat şöbəsinə gəlmədiyindən İlahə 2017-ci ilin fevralında boşanmaq üçün Anarın qeydiyyatda olduğu Saatlı rayon Məhkəməsinə müraciət etdi. Aprelin 25-də İlahə işdən evə qayıdanda Anarla təsadüfən qarşılaşıb. Anarın onunla yenidən barışmaq istədiyini deyib. Bir valideyn kimi ona bu cür olmayacağını, ya Anarla barışıb yaşamasını, ya da ondan birdəfəlik ayrılmasını istəmişəm. Anarın İlahənin iş yerinə gedərək, onunla barışmalarını təklif etməsi aprelin 28-dək davam edib".

"Dedim ki, vaxt ver, qızım qərar versin"

Zərərçəkmişin sözlərinə görə, sonuncu dəfə aprelin 28-də yaşadığı evdə olarkən, İlahə yenidən Anarın onun iş yerinə gəlib, onunla barışıb və birlikdə yaşamalarını təklif etdiyini deyib: "Evdə bu mövzuda söhbət edərkən, saat 21.30-da yaşadığımız evin giriş qapısı döyüldü. Bundan sonra qapını açdıqda, qapını döyənin Anar olduğunu gördüm. Qapını açdıqdan sonra Anar heç bir söz demədən və icazə almadan həyətə girdi. Pilləkənlə qalxaraq evə daxil olmaq istədi. Onun qarşısını kəsdim, evə daxil olmasına imkan vermədim. İlahənin ya Anarla, ya da bizimlə yaşamaq istəməsini aydınlaşdırmaq üçün yanıma çağırdım. İlahə yanımza gəldikdə, ondan Anarla getmək istəyib-istəmədiyini soruşdum. Ancaq İlahə heç bir cavab vermədiyindən Anara getməsini və bir həftə vaxt verməsini bildirdim ki, həmin müddətdə İlahə ya Anarla, ya da bizimlə yaşamaq istəməsinə qəti olaraq qərar versin".

"Hərəkətlərinə mane oldum"

Rəhimağa Ağayev qeyd edib ki, qarşısını kəsməsinə baxmayaraq, Anar İlahənin qolundan tutub və dartaraq onu özü ilə aparmağa cəhd göstərib: "Bu zaman Anarın bu hərəkətinə mane olmaq istədim. Anar əl ataraq, əynimdəki köynəyin yaxasından tutdu, Hərəkətlərinə daha nəzarət edə bilmədiyindən onun nəsə xoşagəlməz hadisə törədə biləcəyini fikirləşdiyim və onu itələyərək, həyətdən bayıra çıxartmağa cəhd göstərdim. Anar isə müqavimət göstərərək, məni iki dəfə yumruqla vurmağa cəhd etdi. Ancaq əlimi qarşıya verərək, onun bu hərəkətinə mane oldum".

"Arvadımı vurduğunu gördüm"

Rəhimağa Ağayevin sözlərinə görə, həmin vaxt arvadı Xatirənin qızı İlahənin adını çəkərək, qışqırdığını eşidib: "Qızına nəsə olduğunu fikirləşərək, dərhal geri döndüm. Bu zaman İlahənin halının psləşdiyini gördüm. Bundan sonra yenidən Anara tərəf döndükdə, Anar arxa cibindən və ya belindən çıxartdığı, görə bilmədiyim küt əşya ilə sol göz və üz nahiyəmə bir zərbə vurdu. Zərbənin təsirindən huşumu itirdiyim üçün yerə yıxıldım. Özümə gələrək, çətinliklə ayağa qalxdım. Anarın arvadım Xatirə ilə əlbəyaxa olaraq, əli ilə arvadımın boğaz nahiyəsindən tutduğunu və ona əli ilə zərbələr vurduğunu gördüm.

"Səs-küyə qonşu gəldi"

Rəhimağa Ağayev bildirib ki, sonra yaranmış səs-küyə oraya qonşuluqda yaşayan Rüfət və adının sonradan Camal olduğunu bildiyi, Anarla gələn şəxs içəri girib: "Onlar yaşadığı evin həyətinə girdikdən sonra Anar Xatirəni buraxdı. Bundan sonra Anar İlahənin üstünə getdi, onunla getməsini tələb etdi. Xatirə isə mobil telefonla zəng vuraraq, hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verdi. Anar isə İlahənin qolundan tutaraq, onunla getməsini tələb etməyə davam etdiyindən ona mane oldum. Bu cür vəziyyət və yaranmış səs-küy təxminən 15-20 dəqiqə davam etdi. Səs-küyə yaşadığı evin həyətinə gəlmiş qonşuluğumuzda yaşayan Rüfət və Anarla oraya gəlmiş Camal adlı şəxs Anarı sakitləşdirməyə çalışsalar da, Anar öz hərəkətlərinə davam etdirdi, İlahəni özü ilə aparmağa cəhd etdi".

Zərərçəkmişin ifadəsinə görə, aradan təxminən 15-20 dəqiqə keçmiş hadisə yerinə polis əməkdaşları gələrək izahatlarının alınması üçün onları polis bölməsinə dəvət edib: "Bundan sonra polis bölməsində şikayət ərizəsi yazaraq etdiyi hərəkətlərə görə Anar Məmmədovun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdim".

"Ona xəsarət yetirməmişəm"

Rəhimağa Ağayev qeyd edib ki, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri Anar əlindəki küt əşya ilə onun sol göz və üz nahiyəsindən vurarkən alıb: "Anar məni vurduqdan sonra huşumu itirərək, yerə yıxıldıqdan sonra isə sol əlim və sol dizim sıyrıqları xəsarətlərini də almışam. Anar barəsində şikayət ərizəsi yazaraq, polis bölməsindən qayıdandan sonra həyat yoldaşım Xatirə hadisə vaxtı qaranlıqda Anarın həyətlərindəki yaşıllıqda nəsə axtardığını dedi. Bundan sonra həmin yerə baxdıqda, yaşıllıqda bir ədəd bıçaq tapdım. Bundan sonra dərhal bu barədə araşdırma aparan polis əməkdaşına məlumat verdim. Həmin bıçağı həyətimdən tapdığımdan, Anarın hadisə vaxtı həmin bıçağın dəstəyi ilə məni vuraraq, xəsarət yetirdiyini fikirləşdim. Hadisə vaxtı Anar Məmmədovu vuraraq, ona hər hansı xəsarət yetirməmişəm".

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Anar Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi həmin məcəllənin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib.

Anar Məmmədovun aylıq qazancından 15 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.

Məhkəmə onun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirini qüvvədə saxlayıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. O, Anar Məmmədovun həbs edilməsini istəyib.

Prokuror da apelyasiya protesti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin hökmünün ləğv edilməsini, Anar Məmmədovun Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum olunmasını tələb edib.

Anar Məmmədov da barəsində çıxarılan hökmdən narazı qalıb. O, apelyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərini araşdıran hakim heyəti sonda Sumqayıt şəhər Məhkəməsinin hökmünün ləğv edilməsi barədə qərar qəbul çıxarıb.

Qərara görə, Anar Məmmədovun barəsində başlanmış cinayət təqibinə xitam verilib. Məhkəmə onun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib.

Qərara əsasən, cinayət işində zərərçəkmiş Rəhimağa Ağayevin apelyasiya şikayətinin baxılmasına xitam verilib. Prokuror tərəfindən verilən apelyasiya protesti təmin edilməyib.

Xəbər lenti