Xəzər Xəbər

Vyetnamda yarım milyon insanın təxliyəsinə hazırlıq görülür

Dünya | 17:03 • 17 Sentyabr 2020
Vyetnamda yarım milyon insanın təxliyəsinə hazırlıq görülür

Vyetnam hökuməti ölkənin mərkəzi sahillərinə yaxınlaşan "Noul” tropik fırtınası səbəbindən 550 mindən çox insanın təxliyə edilməsinə hazırlaşır.


TASS xəbər verir ki, bu barədə Vyetnamın Təbii Fəlakətlərin Nəticələrinə Qarşı Mübarizə üzrə Milli Koordinasiya Komitəsindən məlumat verilib.


Bildirilib ki, Cənubi Çin dənizində əmələ gələn tropik siklon tədricən güclənərək cümə gününə qədər 120 m/san sürət yığacaq və tayfun gücünə sahib olacaq. "Noul”un yaxın 24 saat ərzində Vyetnamın mərkəzi əyalətlər olan Kuanqbin, Thiathien Hyue və ölkənin üçüncü böyük şəhəri Dananqa çatacağı gözlənilir.


Hazırda mərkəzi əyalətlərin səlahiyyətliləri yerli əhalini təbii fəlakətin mümkün təsirlərindən qorumaq üçün genişmiqyaslı hazırlıqlar aparırlar. Şiddətli yağışlar sahil ərazilərində daşqın və torpaq sürüşmələrinə səbəb ola bilər. Onların nəticələrinə qarşı mübarizə aparmaq üçün artıq Vyetnam Xalq Ordusunun bölmələri səfərbər edilib.


Qeyd edək ki, "Noul” bu mövsüm Vyetnamda qeydə alınacaq beşinci tayfun olacaq. Rəsmi məlumatlara görə, bu ilin ilk yarısında tayfunların yaratdığı güclü daşqınlar nəticəsində 47 nəfər ölüb. 2019-cu ildə təbii fəlakət 133 nəfərin həyatına son qoyub, onun vurduğu maddi ziyan isə 7 trilyon donqdan (302 milyon ABŞ dollarından) çox olub./report

Xəbər lenti