Xəzər Xəbər

Donald Tramp pandemiya ilə mübarizədə Cənubi Koreyadan dəstək istəyib

Dünya | 21:51 • 25 Mart 2020
Donald Tramp pandemiya ilə mübarizədə Cənubi Koreyadan dəstək istəyib

ABŞ yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə istifadə etmək üçün Cənubi Koreyadan tibbi ləvazimatlar göndərilməsini istəyib.

AZƏRTAC "The Korea Times" qəzetinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın dövlət başçısı Mun Ce-inlə telefon danışığı zamanı belə bir istəyini dilə gətirib. Cənubi Koreyanın Prezident ofisinin açıqlamasına əsasən, Mun Ce-in ölkəsinin imkanları daxilində Birləşmiş Ştatlara maksimum dəstək verəcəyini deyib. Cənubi Koreya lideri lazımi tibbi ləvazimatları göndərmək üçün ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının müvafiq razılığına gərək olduğunu, Donald Tramp isə öz növbəsində bu məsələyə dair ən qısa zamanda fəaliyyətə başlaya biləcəyini deyib.

ABŞ və Cənubi Koreya liderləri arasında bu il ilk dəfə baş tutan telefon danışığı zamanı Donald Tramp Cənubi Koreyada infeksiyanın yayılması vəziyyəti ilə maraqlanıb və Seulun virusun yayılmasının qarşısının alınmasında çox yaxşı işlər gördüyünü deyib.

Qeyd edək ki, Cənubi Koreya özünün tibbi analiz imkanlarından yararlanaraq virusun yayılmasına qarşı gördüyü tədbirlərlə bütün dünyada rəğbət qazanıb. Seul analiz dəstlərini bir neçə ölkəyə də təqdim edib.

Xəbər lenti