Xəzər Xəbər

Sabah qatarlar və avtobuslar işləməyəcək, məktəblər, xəstəxanalar BAĞLANACAQ

Dünya | 12:06 • 5 Dekabr 2019
Sabah qatarlar və avtobuslar işləməyəcək,

Fransada prezident Emmanuel Makronun iqtisadi siyasətinə görə baş qaldıran nifrət və üsyan dalğası sürətlə yayılır.

Fransızlar bu gün ölkə miqyasında müddətsiz tətilə başlayır.

Ölkəni sanki iflic edəcək tətil dalğasının 1995-ci ildə 3 həftə davam edən və həyatı dayandıran tətildən daha böyük olması gözlənilir.

Varlıları daha da varlandıran və ölkədəki qazanc bölüşdürülməsinin balansını pozan Makronun iqtisadi siyasəti hazırlanan təqaüd islahatı ilə Fransa ictimaiyyətində ağır tənqidlərə məruz qalıb. Bu çərçivədə 1 il əvvəl başlayan və Fransa tarixinə damğa vuran "Sarı jiletlilər” aksiyasının səbəb olduğu böhrandan sonra çox sayda sektorun işçiləri islahata reaksiya vermək məqsədilə bu gün küçələrə çıxacaq.

Ölkədə ictimai nəqliyyatdan səhiyyəyə, təhsildən sosial xidmətlərə qədər bütün sahələr iflic olacaq. Sözügedən islahat təqaüddə məmur və işçi ayrıseçkiliyi yaradır və onlara tanınan üstünlükləri ləğv edir. Təqaüd yaşını mərhələli şəkildə 62-dən 64-ə qaldırmağı ehtiva edir və bir çox sektora mənfi təsir göstərəcəyi ehtimal olunur.

Prezident Makron tətil və aksiyaların yol açacağı problemlərin həllinə diqqət ayırmaq üçün xarici səfərlərini ləğv edib.

Tətilə çıxanların siyahısı uzundur. Belə ki, paytaxt Paris və ətrafındakı ictimai nəqliyyatı nizamlayan RATP, Fransa Milli Dəmir Yolu Şirkəti (SNCF) və "Air France” Hava Yolları Şirkətinin işçiləri, polislər, həkimlər, tibb bacıları, tələbələr, poçt əməkdaşları, məmurlar, vəkillər, təsərrüfat işçiləri, təcili tibbi yardım briqadaları, taksi sürücüləri, müəllimlər, dövlət elektrik istehsalatı və paylanması şirkətinin işçiləri, ictimai nəqliyyat sürücüləri, "Renault” avtomobil şirkətinin əməkdaşları aksiyaya qatılacaq.

Təqaüd islahatına etiraz edən yüzminlərlə insan ölkə miqyasında aksiyalar təşkil edəcək. Parisdə sabah "Gare de l’Est” Qatar stansiyasında toplaşacaq tətilçilər Milli Meydana doğru hərəkət edəcək. Aksiya və tətilləri ölkənin ən böyük işçi birliyi olan Ümumi İşçilər Konfederasiyası başda olmaqla, polis birliyi və "Sarı jiletlilər”in də dəstəkləyəcəyi gözlənilir.

Sabah ölkə miqyasında məktəblərin 65%-i bağlanacaq. Parisdə 16 metro xəttindən 11-i işləməyəcək. Qatar və avtobuslarda problemlər yaşanacaq. Sürətli qatarların 90%-i işləməyəcək. Digər qatar səfərlərinin 97%-i həyata keçirilməyəcək./publika.az

Xəbər lenti