Xəzər Xəbər

Lənkəran, Masallı və Beyləqanda ağır qəzalar - 4 ölü, 4 yaralı var - VİDEO

Veb TV | 18:19 • 12 Avqust 2019
Lənkəran, Masallı və Beyləqanda ağır qəzalar -

Lənkəranda idarəetmədən çıxan avtomobilin ağaca çırpılması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, gecə saatlarında Lənkəran şəhərinin Füzuli küçəsində ağır yol qəzası baş verib. Avtomobil idarəetmədən çıxaraq yol kənarında olan iri gövdəli ağaca çırpılıb. Dərhal hadisə yerinə xilasedicilər çağırılıb. Qəza nəticəsində deformasiyaya uğramış avtomobildə ölən və xəsarət alanlar xüsusi alət və avadanlıqların köməyilə çıxarılıb.

Maşında olan 3 nəfərdən ikisi, 23 yaşlı Kamran Babayev hadisə yerində, 20 yaşlı Amal Quliyev isə xəstəxanada dünyasını dəyişib. 23 yaşlı Aydın Bağırlı isə xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Masallıda isə əsgər övladının andiçmə mərasimindən qayıdan ailə qəzaya düşüb. 23 yaşlı Nicat Əzimlinin sükanı arxasında olduğu maşın qarşıdan gələn, 44 yaşlı Mürşüd Nəsirovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə sərnişinlərindən biri, 50 yaşlı Vidadi Əzimli hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 3 nəfər isə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Beyləqandakı qəza da ölümlə nəticələnib. Rayonunun Yuxarı Aran kəndi ərazisində kənd sakini Araz Şükürov idarə etdiyi avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Pərvin Abbasovu vurub. Xəstəxanaya yerləşdirilmiş Pərvin Abbasov orada ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti