Xəzər Xəbər

80 və 73 yaşlı qocalar bank yardı - Evindən marixuana plantasiyası çıxdı

Dünya | 12:16 • 24 Mart 2019
80 və 73 yaşlı qocalar bank yardı -

İspaniyada silsilə bank oğurluğu həyata keçirən yaşlı şəxslər həbs edilib.


"Qafqazinfo” xəbər verir ki, polis 80 və 73 yaşındakı kişiləri yeni oğurluq planı hazırlayan zaman ələ keçirib. Bu barədə ölkənin milli polisinin saytında məlumat verilib.


Hüquq-mühafizə orqanlarının məlumatında qeyd edilir ki, qocalar Barselonada 2 ay fasilə ilə 2 bank yarıblar. Belə ki, onlar banka daxil olaraq oradakıları silahla hədələyərək əl-qollarını bağlayıblar, pulları götürdükdən sonra isə diqqət çəkməmək üçün ərazidən ictimai nəqliyyat vasitəsilə uzaqlaşıblar. İlk oğurluqda qocalar 32 min, ikincidə 45 min avro əldə ediblər.


Polisin məlumatına görə, təqaüdçülərin növbəti hədəfi Madrid bankları olub.

Onlardan biri Tarraqona əyalətindəki evində saxlanılıb. Onun evinə baxış zamanı marixuana plantasiyası aşkar edilib.


Yaşlı qarətçilərin Cənubi Amerika ölkələrindən birindən miqrant olduqları, bir çox silsilə cinayətlərə görə İtaliyada axtarışa verildikləri məlum olub.

Xəbər lenti