Xəzər Xəbər

İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

Cəmiyyət | 17:18 • 13 İyun 2018
İnanılmaz YENİLİK:

Ölkəyə yeni qaz sayğacları gətirilib. Yeni sayğaclar bir sıra imkanlarına görə əvvəlkilərdən fərqlənəcək.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Publika.az-a açıqlamasında bildirib ki, artıq sayğaclar ilkin test mərhələsindən keçib:

"Bakının müxtəlif rayonlarında 30-a yaxın yerdə qaz sayğacı sınaqdan uğurla keçib. İkinci sınaq dövründə birinci dövrdə yaranmış problemlər həll edilib. Yaxın zamanda 70-ə yaxın sayğacın sınaq müddəti də bitəcək. Sınaq müddəti tam başa çatandan sonra bir neçə aya yeni sayğaclar tam istifadəyə veriləcək. Bu sayğaclar da əvvəlkilər kimi Fransa istehsalıdır”.

İ.Kəlbalıyev yeni sayğacların üstünlüklərindən də danışıb:

"Bundan sonra mövcud sayğaclarda problem baş verərsə, onlar bu sayğaclarla əvəzlənəcək. Həmçinin bundan sonra qazlaşdırma həyata keçiriləcək yeni yaşayış məntəqələrində bu sayğaclardan istifadə ediləcək. Yeni sayğaclar bir çox imkanlarına görə əvvəlkinlərdən fərqlənir. Əvvəlki smart kartlarda zədələnmə olanda abonent məbləği sayğaca yükləyə bilmirdi. Yeni sayğacda isə kartlarda çip hissəsi yoxdur. Yükləmə üçün abonent kartı sayğaca salmaq məcburiyyətində deyil. Abonent kartı sayğaca yaxınlaşdırmaqla ödənişini daha rahat şəkildə edə biləcək. Ən önəmli məqam isə telefon vasitəsilə ödəniş etməyin mümkünlüyüdür. Bunun üçün telefonuna xüsusi proqram yükləməli, e-mail vasitəsilə qeydiyyatdan keçməlidir. Sadəcə telefonu sayğaca yaxınlaşdırmaqda ödəniş edə biləcək”.

Bundan başqa, əvvəlki sayğacda ekran hissəsində xüsusi lövhədə işıqlandırma yox idi, bu da gecə vaxtı əməliyyatların aparılmasında çətinlik yaranırdı:

"Yeni sayğacda ekranda işıq sistemi var ki, qaranlıqda hər hansı əməliyyat aparılarkən ondan istifadə edə biləcəklər”.

Xəbər lenti