Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
XəzərXəbər xəbər verir ki, layihə ilə bağlı Elm və təhsil komitəsinmin sədri İsa Həbibbəyli məlumat verib.
Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin
yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk
növbədə qəbul olunmasını nəzərdə tutur.
Qanunun 19-cu (Ümumi
təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil
müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil
müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə
uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddənin
5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının
qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının,
yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq
ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul
olunurlar.
Qüvvədə olan bənd isə belədir: Dünya fənn
olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların
qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq
müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Dəyişikliklə Azərbaycanda
valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim
ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul
ediləcəklər.
Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci
bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır.
Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən,
valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim
ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Digər
dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilir. Bu bəndə əsasən,
valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə
təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.