Azərbaycan dövlətinin
pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə
görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta
vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir.
Bu sistem sığorta prinsiplərinə əsaslanır. Yəni pensiya hüququnun əldə
edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş
gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı
ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs
pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa
pensiya təyin edilməlidir.
XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib. O bildirib ki, bir çox
inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı
sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin
genişləndirilməsi yolu ilə həyata keçirilir. "Sığorta prinsiplərinin
gücləndirilməsi isə toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə
vəsaitlərinin balanslaşdırılmış tarazlığını təmin edir. Bu da həmin
sistemlərin iştirakçılarına münasibətdə ədalətliliyi təmin edir. Yəni
vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya
məbləği almalıdır.
Təəssüf ki, bəzi ekspertlər sosial sığorta
sistemini sosial yardım sisteminə bərabər tuturlar. Beləliklə,
ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə
rəy formalaşdırmağa çalışırlar. Onlar özləri pensiya təminatında
işləyən və sosial sığorta haqqı ödəyən şəxsləri işləməyən və sosial
sığorta haqqı ödəyən şəxslərə bərabər hesab edirlər. Bununla da
ədalətsiz yanaşmanı ortaya qoyaraq, formalaşdırdıqları rəyin düzgün
olmadığının fərqinə varmırlar. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi
məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların
aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək
fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə
maraqlandırmalıdır.
Beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə
pensiya təminatı ilə əhatə olunmayan və ya bu hüququ qazana bilməyən
şəxslərin də sosial müdafiə sisteminin digər proqramları ilə əhatə
olunmaq, təminat əldə etmək hüquqları var.
Qanunvericiliyə görə,
əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və
işləmədikdə, o, yaşa görə sosial müavinət almaq hüququna malikdir. Eləcə
də həmin şəxslər ünvanlı dövlət sosial yardım proqramına müraciət edə
bilərlər".
E.Babayev bildirib ki, pensiya təminatı sistemində
2017-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər ölkədə layiqli
pensiya təminatı imkanlarının gücləndirilməsinə imkan verib.
"Bu
islahat tədbiri vətəndaşların sığorta-pensiya sistemində daha fəal
iştirakını təşviq edir. Beləliklə də, şəxsin pensiya hüququnun onun
sosial sığorta sistemindəki iştirakına əsasən müəyyən edilməsi kimi
qabaqcıl dünya pensiya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya
əsaslanır.
Pensiya təyinatının bilavasitə toplanmış sığorta
kapitalı ilə uzlaşdırılması nəticəsində əvvəllər tətbiq olunan 12 illik
staj tələbi də aradan qaldırılıb.
Belə ki, əgər sığorta kapitalı
minimum pensiya məbləği qədər pensiya təyin olunmasına imkan verirsə,
pensiyaçıya münasibətdə artıq heç bir staj tələbi qoyulmur. Alternativ
olaraq isə onun minimum pensiya təminatı almaq üçün 25 il stajı
olmalıdır. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında
yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı da
verilib.
Pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər
nəticəsində, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub.
Bu o deməkdir ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər
bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanlar
yaradılıb.
Qeyd olunan islahat tədbirinin pensiyanın orta aylıq
məbləğinin azalmasına səbəb olacağı fikri də əsaslı deyil. Belə ki,
ölkəmizdə pensiyanın orta aylıq məbləği 01 aprel 2018-ci il vəziyyətinə
218,03 manatdır ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz
yuxarıdır. O cümlədən 01 aprel 2018-ci il vəziyyətinə yaşa görə
pensiyanın orta aylıq məbləği 244,36 manat təşkil edir ki, bu da 2017-ci
ilin müvafiq dövrünə nisbətən 9,3 faiz yuxarıdır".