Xəzər Xəbər

İsraillilər "İstanbullu Gəlin"i niyə sevirlər?

Şou Biznes | 16:05 • 14 Fevral 2019
İsraillilər "İstanbullu Gəlin"i niyə sevirlər?

Türkiyənin ən çox izlənilən seriallarından biri olan "İstanbullu Gelin" İsraildə böyük maraqla izlənilir.

XəzərXəbər BBC-yə istinadən xəbər verir ki, apreldə Təl-əvivdə keçiriləcək, baş rol ifaçıları Özcan Deniz və Aslı Enverin də iştirak edəcəkləri tədbir üçün 10 min bilet bir neçə saat ərzində satılıb.

Ölkənin ən böyük idman və əyləncə salonu olan Menora Mivtachim Arena-da keçiriləcək tədbirdə Özcan Deniz Türkiyədən 20 musiqiçi ilə birlikdə konsert verəcək.

"Jerusalem Post"da "İsraillilərə başgicəllənməsi verən türk serialı" adı ilə çap edilən məqalədə deyilir ki, hazırda İsraildə heç bir televiziya proqramı "İstanbullu Gelin" serialı qədər diqqət görmür.

Viva adlı kanalda ivrit dilində altyazı ilə yayımlanan serialın Facebook səhifəsini 77 min pərəstişkar bəyənib.

Hazırda İsraildə serialın üçünçü mövsümü göstərilir.

Prodüserlər serialın məğzini belə izah edir: "Ana-atasız böyümüş, gənc yaşda həyatın yükünü daşımış, gözəl və qürurlu bir gənc qız olan Süreyyanın xarizmatik iş adamı Faruka aşiq olub Bursadakı evə gəlin getməsi ilə başlayan hekayəsi".

İsrailli televiziya şərhçilərinə görə seriala maraq ənənə və müasirlik arasındakı qarşıdurmanı göstərməsinə görədir.

Serial Azərbaycan da daxil olmaqla, Albaniya, Rumıniya, Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Montonegro, İsrail və Anqola kimi 15-dən çox ölkədə izlənilir.

Türkiyə serial ixracında uzun illərdir ki, ABŞ-dan sonra ikinci yeri tutur.

Bundan əvvəl Ariana Melamed adlı jurnalist və təhlilçi "Türklər geri qayıtdı və bütün İsraili özlərindən asılı etdilər" adlı məqaləsində də İstanbullu Gelin serialına diqqət çəkmişdi.

Onun sözlərinə görə, İsraildə Özcan Deniz və Aslı Enverin fotolarının yapışdırıldığı tortların hazırlandığı, Asli Enver kimi geyinənlərin olduğu bir dünya da var.

Melamed deyir ki, xüsusilə Özcan Denizə böyük maraq var və serialı izlədikdən sonra Türkiyəni ziyarət edən çoxsaylı israilli var.

Onun sözlərinə görə, məişət serialı olsa da, orada müasir İsrail cəmiyyətinə də xas olan qarışıq xarakterlər var.

Xəbər lenti