Xəzər Xəbər

Elm, təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin hansı hallarda vergidən azad ediləcəyi müəyyənləşib

İqtisadiyyat | 23:15 • 12 Mart 2020
Elm, təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin hansı hallarda vergidən azad ediləcəyi müəyyənləşib

Nazirlər Kabineti "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nı təsdiqləyib.


Xezerxeber.az-ın məlumatına görə, elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları aşağıdakılardır:


- təsis sənədlərində elmi fəaliyyət sahəsində fəaliyyət göstərməsinin nəzərdə tutulması;


- akkreditasiyadan keçməsi;


- elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması;


- ən azı 5 (beş) nəfər elmi işçisinin olması.


Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:


- dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması;


- lisenziya alması.


Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:


- dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması;


- köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.


İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:


- ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması;


- köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi.


Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:


- Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla) olması;


- teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi.


Ödənişi qəbul edən müəssisə, idarə və təşkilat aid olduğu fəaliyyət sahəsi üzrə bu Meyarlarla müəyyən edilmiş tələblərə cavab verməlidir. Bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir. Ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim edir.

Xəbər lenti