Xəzər Xəbər

Qoruqları idarə edən qurumun səlahiyyətləri müəyyənləşib

İqtisadiyyat | 10:27 • 17 İyul 2019
Qoruqları idarə edən qurumun səlahiyyətləri müəyyənləşib

Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib.


Xezerxeber.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.


Nazamnaməyə əsasən, Mərkəzin vəzifələri aşağıdakılardır:


- qoruqlar sahəsinə aid olan qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;


- dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin qoruqlar sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirmək;


- qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və ərazi üçün müəyyən olunmuş mühafizə rejiminin saxlanmasını təmin etməklə qoruqlar sahəsində nəzarəti həyata keçirmək;


- qoruqların daimi mühafizəsini təşkil etmək, tarix və mədəniyyət abidələrinin funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək;


- qoruqların ərazilərində yerləşən və turizm baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən səmərəli istifadəni təşkil etmək;


- qoruqların ərazilərində xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar konservasiya, təmir, bərpa, rekonstruksiya və regenerasiya işlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı aidiyyəti üzrə məsələ qaldırmaq və işlərin gedişinə nəzarət etmək;


- qoruqların ərazilərində dövlət və bələdiyyə mülkiyyətində olan abidələrin bərpası, konservasiyası, təmiri, rekonstruksiyası, regenerasiyası haqqında qərar qəbul edilməsi ilə bağlı aidiyyəti üzrə məsələ qaldırmaq ;


- qoruqların ərazilərində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələrində təmir və bərpa işləri aparıldıqda, texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin etmək;


- qoruqların ərazilərində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı layihə-smeta sənədlərini hazırlamaq;


- qoruqların ərazilərində yerləşən dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün icarəyə verilərkən onlardan istifadə proqramına, uyğunlaşdırma və bərpa layihələrinə dair razılıq verilməsi ilə bağlı Agentliyə təklif vermək;


- Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, qoruqların ərazilərində dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikintiyə icazə verilməsi ilə bağlı Agentliyə təklif vermək;


- qoruqların ərazilərinə aid fəaliyyətin planlaşdırılması işlərini təşkil etmək və qoruqların davamlı inkişafını təmin etmək;


- qoruqların ərazilərində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənmək, onlardan məqsədyönlü istifadə olunmasını təşkil etmək və onları qoruyub saxlamaq;


- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;


- qoruqların mühəndis-kommunikasiya sistemlərinə cavabdeh olan müəssisə və təşkilatların qoruqlar sahəsində fəaliyyətini əlaqələndirmək, abidələrin və tikililərin bərpa və təmirini planlaşdırmaq, təşkil etmək və bu işlərin həyata keçirilməsinə nəzarət etmək;


- qoruqların ərazilərində Agentliyin razılığı olmadan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılması barədə aidiyyəti üzrə məlumat vermək;


- qoruqların ərazilərində tarix və mədəniyyət abidələrindən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və qoruqların mühafizə rejiminin pozulmasının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək,


- qoruqların ərazilərində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;


- qanuna uyğun olaraq Agentliyin razılığı olmadan abidələrin istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işlərin dayandırılması barədə məsələ qaldırmaq;


- qoruqların ərazilərindəki turizm və rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini təşkil etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı Agentliyin qərarına uyğun tədbirlər görmək;


- qoruqların sərhədləri daxilində və mühafizə zonalarında abidələr üçün təhlükə yarada biləcək hallar olduqda Agentliyin qərarına uyğun qabaqlayıcı tədbirlər görmək;


- qoruqların ərazilərində turizmi inkişaf etdirmək və bununla bağlı infrastrukturun yaradılmasını, idarə edilməsini və mühafizəsini təmin etmək;


- qoruqların inkişafı məqsədilə qoruqlarda göstərilən mədəni və turizm xidmətlərindən, Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlərin toplanmasını, həmin vəsaitin səmərəli istifadəsini təmin etmək;


-qoruqların ərazilərində biblioqrafik tədqiqatların və tarixi araşdırmaların aparılmasını təşkil etmək, ərazidə yerləşən abidələrin öyrənilməsi üçün yerli və xarici mütəxəssislər cəlb etmək;


- abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliğinin, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi-kütləvi ədəbiyyatın nəşrini, beynəlxalq və milli simpozium və seminarların keçirilməsini təşkil etmək;


- aşkar edilmiş tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması, pasportlaşdırılması, onların qorunma rejiminə aid Agentliyə təkliflər vermək;


- tarix və mədəniyyət abidələrində inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılmasını, səmərə və səviyyəsinin artırılmasını və həmin abidələrin istifadəyə uyğunlaşdırılmasını təmin etmək;


- qoruqların ərazilərində qanuna uyğun olaraq icazə verilən arxeoloji işlərin qeydə alınmasında iştirak etmək, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına nəzarət etmək;


- qoruqların ərazilərində mədəni irsin qorunması ilə bağlı hüquqi maarifləndirmə işlərini təşkil etmək, dövlət mülkiyyətinə aid hüquqlar pozulduğu hallarda məhkəmədə iddia qaldırmaq, qoruqların maraqlarını məhkəmədə təmsil etmək;


- qoruqların ərazilərini idarə etmək üçün rəqəmli informasiyakommunikasiya sistemi yaratmaq, beynəlxalq təcrübəni nəzərə almaqla, bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;


- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normative hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;


- Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;


- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında” qanun ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək, Mərkəzin informasiya təminatını və onun təhlükəsizliyini təşkil etmək;


- strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;


- müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;


- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;


- Mərkəzə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;


Mərkəzin hüquqları sırasına qoruqların ərazilərində yerləşən abidələrdən hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün təyinatı üzrə istifadə edilməsinə razılıq verilməsi ilə bağlı Agentliyə təklif vermək, qoruqların ərazilərində yerləşən abidələrin tədqiqi barədə məlumatlar almaq, yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılmasına razılıq verilməsi ilə bağlı Agentliyə təklif vermək, qoruqların ərazilərində yerləşən tarix və memarlıq abidələrinin və tikililərin inventarlaşmasının aparılmasında iştirak etmək və abidələrin əhəmiyyət dərəcələrinə aid müvafiq siyahılar barədə təklifləri Agentliyə təqdim etmək, qoruqların inkişafının təmin edilməsi məqsədilə onların ərazilərində mədəni-kütləvi tədbirlər keçirməklə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlər yaratmaqla, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak etməklə və fəaliyyət istiqamətlərinə uyğun müxtəlif növ xidmətlər göstərməklə gəlir əldə etmək, qoruqların inkişafı məqsədilə beynəlxalq təşkilatlardan və fondlardan birdəfəlik qrant formasında vəsait və investisiyaların cəlb olunmasını təmin etmək, qoruqların ərazilərində yerli əhali və turistlər arasında sorğular keçirmək, sorğuların nəticələrini təhlil etmək və bunun əsasında qoruqların turizm potensialının inkişafı ilə bağlı təkliflər vermək, vəzifələrinin yerinə yetirilməsi məqsədilə muzeylər, təsərrüfat cəmiyyətləri, qeyri-hökumət təşkilatı qismində fondlar yaratmaq və ya onlarda iştirak etmək daxil edilib.


Mərkəzin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin sədrini və üzvlərini Agentliyin sədri vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin tərkibi sədr də daxil olmaqla, 3 nəfərdən ibarətdir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyətinin üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.


Qeyd edək ki, Qoruqları İdarəetmə Mərkəzi Prezident İlham Əliyevin 20 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılıb.

Xəbər lenti