Xəzər Xəbər

Vergilər Nazirliyinin Apellyasiya Şurasında 69 şikayətə baxılıb

İqtisadiyyat | 12:17 • 11 İyul 2019
Vergilər Nazirliyinin Apellyasiya Şurasında 69 şikayətə baxılıb

Cari ilin birinci yarısında Vergilər Nazirliyinin Apellyasiya Şurasında ümumilikdə 69 şikayətə baxılıb.


Nazirliyin Media və kommunikasiya mərkəzindən xezerxeber.az-a bildirilib ki, bunlardan 7-si səyyar vergi yoxlamaları, 23-ü kameral vergi yoxlamaları, 11-i operativ vergi nəzarəti tədbirləri, 25-i vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi və 3-ü digər məsələlərlə bağlı olub.


Daxil olmuş şikayətlərdən 20 vergiödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb, onlardan 11-i tam, biri qismən təmin edilib, 8 şikayət isə təmin olunmayıb. Həmçinin 49 vergiödəyicisinin şikayətinə qanunvericiliyin tələbləri rəhbər tutulmaqla mahiyyəti üzrə baxılmamış saxlanılıb. Buna səbəb şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, verilmə müddətinin buraxılması və şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl edilməməsi olub.


Eyni zamanda, şura tərəfindən icraata qəbul edilmiş şikayətlər üzrə baxılaraq qəbul edilmiş qərarlardan vergiödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına təkrar şikayətlər verilməyib.


Vergiödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi, həmçinin vergiödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə, dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergiödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

Xəbər lenti