Xəzər Xəbər

Ötən il Türkiyə Azərbaycandan 7,5 milyard kubmetrdən çox təbii qaz alıb

İqtisadiyyat | 16:30 • 12 İyun 2019
Ötən il Türkiyə Azərbaycandan 7,5 milyard kubmetrdən çox təbii qaz alıb

Keçən il Türkiyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz idxal edib.


Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, Azərbaycan ötən il Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiya (23,64 milyard kubmetr) və İrandan (7,86 milyard kubmetr) sonra üçüncü olub.


Qeyd edək ki, bu ilin birinci rübündə isə qardaş ölkənin Azərbaycandan qaz idxalı 2 milyard 82 milyon kubmetr təşkil edib.


Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz” qazını çatdırır. Bu ilik ilk 3 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox olub. Rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat və 17 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.


Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), "AzSCP” (10 faiz), "Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoil” (10 faiz), "NICO” (10 faiz), və "TPAO” (19 faiz).


Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə təqribən 1,9 milyard kubmetr "Şahdəniz” qazı nəql edilib. Cari ilin 5 ayında isə TANAP-la Türkiyəyə 790 milyon kubmetr Azərbaycan qazı göndərilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.


TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. (AZƏRTAC)

Xəbər lenti