Xəzər Xəbər

OPEC+ ölkələri hasilatın artırılmasını müzakirə edir

İqtisadiyyat | 14:57 • 20 May 2019
OPEC+ ölkələri hasilatın artırılmasını müzakirə edir

OPEC+ ölkələri iyun ayında baxılacaq sazişin iki variantını müzakirə edir. Hər iki variant neft hasilatının artırılmasını nəzərdə tutur. ONA-nın məlumatına görə, bu barədə "Reuters" adlarını çəkmədiyi iki mənbəyə istinadən xəbər verir.


Bu ilin iyun ayında Vyanada keçiriləcək OPEC+ formatı çərçivəsində nazirlərin konfransı zamanı ilin ikinci yarısı üçün neft hasilatının həcmləri ilə bağlı qərarlar qəbul edilə bilər.


"Səudiyyə Ərəbistanı və Rusiya OPEC və kartelə daxil olmayan ölkələr üçün iyunda müzakirəyə qoyulacaq iki əsas ssenarini müzakirə edir. Hər iki ssenari 2019-cu ilin ikinci yarısında hasilatın artırılmasını nəzərdə tutur”, - deyə mənbələr söyləyib.


Onların sözlərinə görə, birinci ssenariyə görə, neft hasilatı 800 min barel, ikinci ssenariyə əsasən isə 300 min barel artırıla bilər.


Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb.

Xəbər lenti