Xəzər Xəbər

Bakının da ev sahibi olduğu AVRO-2020-nin təşkilatçı şəhərləri dəyişdirilə bilər

İdman | 11:18 • 9 Aprel 2020
Bakının da ev sahibi olduğu AVRO-2020-nin təşkilatçı şəhərləri dəyişdirilə bilər

Koronavirus pandemiyası üzündən ağır vəziyyətə düşən Avropa futbolunun xilas yollarını axtaran UEFA daha bir problemlə üzləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 2021-ci ilə təxirə salınan AVRO-2020-nin final mərhələsinin ev sahiblərindən bəzilərinin yarışı qəbul etməsi sual altına düşüb.

Buna görə də UEFA 12 ölkədə, o cümlədən Bakıda təşkil olunması planlaşdırılan yarışın ev sahiblərinin sayının azaldılması variantlarını müzakirə etməyə başlayıb. Təşkilat bəzi şəhərlərin koronovirusdan sonra mötəbər yarışı qəbul etmək gücündə olacağına əmin deyil. Bu səbəbdən də təşkilatçı şəhərlərin sayının da azalması istisna edilmir.

Bildirilir ki, İspaniya və İtaliya futbol federasiyaları AVRO-2020-yə hazır ola biləcəklərinə şübhə etdiklərini gizlətmirlər. Hər iki ölkədə böyük sayda insan ölümü və iqtisadiyyata dəyən zərbə federasiyalara da şübhələrlə üz-üzə qoyub. Digər tərəfdən təqvim də UEFA-ya çətinlik yarada bilər. Çünki bəzi stadionlarda 2021-ci ilin yayında digər tədbirlər planlaşdırılıb.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin oyunları London (İngiltərə), Münhen (Almaniya), Bakı (Azərbaycan), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Amsterdamda (Niderland) keçirilməlidir.

Xəbər lenti