Xəzər Xəbər

“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?

İdman | 17:09 • 23 Mart 2020
“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu gün aldığı qərara əsasən, 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılan "Formula-1” Azərbaycan Qran-Prisini təxirə salıb.

Bu qərar "Formula-1” rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Azərbaycan Respublikası hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub.

Həmçinin, davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarın alınmasını zəruri edib.

Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn "Formula-1” azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.

Əməliyyat şirkəti çalışır ki, "Formula-1” rəhbərliyi, FIA və Azərbaycan höküməti ilə birlikdə "Formula-1” Azərbaycan Qran-Prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu barədə ictimaiyyəti məlumatlandırsın.

Yeri gəlmişkən, "Formula-1” Azərbaycan Qran-Prisi 2020 yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Bakıdakı yarış üçün 15 minə yaxın bilet satılmışdı./oxu.az

Xəbər lenti