Xəzər Xəbər

Sarri "Çelsi"dəki gələcəyindən danışdı: "Hər şey mənim istəyimlə olmur"

İdman | 09:19 • 30 May 2019
Sarri "Çelsi"dəki gələcəyindən danışdı:

UEFA Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a4:1hesabı ilə qalib gələn "Çelsi"nin baş məşqçisi Maurisio Sarri fikirlərini bölüşüb.

XəzərXəbər xəbər verir ki, italiyalı mütəxəssis zəfəri şərh edib:

"Premyer Liqada üçüncü olduq. Liqa kubokunda "Tottenhem" və "Liverpul"u mübarizədən kənarlaşdırdıqdan sonra finalda "Mançester Siti"yə penaltilərdə uduzduq. Avropa Liqasını məğlubiyyətsiz və hamıdan çox qol vuraraq qazandıq. Mənim üçün önəmli amildir. Bu qədər çətin çempionata dərhal adaptasiya olmaq asan deyil. Bəzi problemlər yaşadım, ancaq fevraldan sonra bəzi şeylər dəyişdi. Bəlkə də, bunu mən dəyişdim və bu komandanın mənim olduğumu hiss etməyə başladım. Bu qələbəmizdən çox razı qaldım. Azarkeşlər və bizim üçün də bu titul önəmli idi. Qələbəyə layiq idik".

Sarri komandanın aparıcı futbolçusu Eden Hazardın vidası barədə bunları deyib:


"Üzgünəm, çünki Hazard inanılmaz futbolçudur. O, daha yaxşı nəticələrə nail ola bilər. Eden qəribə bir dəliqanlı oğlandır, ancaq onu xoşbəxt etdiyinizdə möhtəşəm biri olur. Onu tanımaq üçün 2-3 ay birgə olmalısınız. Daha öncə bilirdim ki, komandadan getmək istəyir. Qərarına hörmət edirəm".

60 yaşlı mütəxəssis "Yuventus"un baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib:

"İndi kubok sevincini qeyd etmək lazımdır. Sabahdan klub rəhbərliyi ilə görüşəcəyik. İki illik müqaviləm qalıb. Klubla hər şeyi dəyərləndirmək məcburiyyətindəyik. Premyer Liqanın səviyyəsi yüksəkdir. "Çelsi"də qalmağa layiq olduğumu düşünürəm, ancaq düşünürəm ki, bu, kifayət deyil. Qalmaq istəyirəm, ancaq hər şey mənim istəyimlə olmur. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün və ya klub mənim üçün nə edə bilər? Nələr olacağını görəcəyik".

"Zadəganlar"ın çalışdırıcısı ilk hissə ilə fasilədən sonrakı oyunlabağlı bunları deyib:

"Bizim üçün oyun çətin başladı. Fasilədə futbolçulardan cəsarətli olmalarını tələb etdim. Risk etməli idik və bunu bacardıq. İkinci hissədə güclü komandaya qarşı yaxşı oynadıq. Azarkeşlər üçün maraqlı oyun olduğunu düşünürəm".

Sarri sabiq klubu "Napoli"nin onu təbrik etməsi barədə bunları söyləyib:

"Napoli"nin məni təbrik etməsinə sevindim. Belə şeyə şübhəm yox idi. "Napoli" azarkeşləri onları nə qədər sevdiyimi bilir. Ötən il "Napoli"dən dərhal İtaliya klubuna keçməmək üçün İngiltərəyə gəlməli oldum. Peşəkar karyeranızda bəzən fərqli addımlar atmaq lazım olur. Bu, heç vaxt keçmişimi və "Napoli"yə olan hörmətimi dəyişdirməyəcək. Bu zəfəri "Napoli"azarkeşlərinə də həsr edirəm. Çünki onlara bu sevinci yaşatmağı bacarmadım".

Xəbər lenti