Xəzər Xəbər

Maykl Ouen: Bakı çox inkişaf edib

İdman | 18:56 • 25 May 2019
Maykl Ouen: Bakı çox inkişaf edib

Daha əvvəl də Bakıda olmuşam. İngiltərə yığmasının heyətində burada Azərbaycan milli komandasına qarşı oyunda iştirak etmişəm və qol da vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib və müasirləşib.


Xezerxeber.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində mayın 25-də Dənizkənarı Bulvarda təşkil olunan azarkeş festivalında iştirak edən İngiltərə milli komandasının sabiq hücumçusu Maykl Ouen jurnalistlərə müsahibəsində deyib.


"Arsenal” və "Çelsi” komandalarının qarşılaşacağı final matçı ilə bağlı fikirlərini bölüşən sabiq futbolçu deyib: "Hər ikisi ingilis komandasıdır. Xeyli sayda ingilis azarkeşlər bu gözəl ölkəyə səfər edəcək və xoş anlar yaşayacaqlar. Komandalar bərabər gücdədir, ona görə də nəticə barədə dəqiq fikir söyləmək çətindir. Düşünürəm ki, "Çelsi” qalib gələcək”.


Xatırladaq ki, Azərbaycan millisi 2004-cü il oktyabrın 13-də futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda İngiltərə yığmasına 0:1 hesabı ilə məğlub olub. Həmin görüşdə yeganə qolu matçın 22-ci dəqiqəsində Maykl Ouen vurub.

Xəbər lenti